AZ EN

Xəbərlər

← Xəbərlər

11.11.2026

Göyçayda narçılığın inkişaf perspektivləri və yeni çağırışlar müzakirə edilib

Göyçayda fermerlər, istehsalçılar, emalçılar, sahibkarlar və dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə geniş tərkibli görüş keçirilib.

8–9 sentyabr 2026-cı il tarixlərində Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) İdarə Heyətinin sədri və üzvlərinin iştirakı ilə Kürdəmir və Göyçay rayonlarına işgüzar səfər təşkil olunub.

Səfərin ilk günü Kürdəmir rayonundakı iri nar bağlarına baxış keçirilib, meyvə yığımı öncəsi təsərrüfatların ümumi vəziyyəti və gözlənilən məhsuldarlıq qiymətləndirilib. Fermer və istehsalçılarla keçirilən görüşlərdə mövcud çətinliklər, məhsulun satışı və ixrac imkanları, eləcə də narçılıq sektorunun inkişafı ilə bağlı təkliflər ətrafında fikir mübadiləsi aparılıb.

Səfərin ikinci günü Göyçay rayonunda nar bağlarına baxış davam etdirilib. Ümumilikdə, hər iki rayon üzrə 4 iri nar bağı və təsərrüfatında mövcud vəziyyət analiz edilib. Aparılan müşahidələr 2026-cı il nar mövsümünün məhsuldar keçəcəyinə, Azərbaycan narının ixrac həcmində artım qeydə alınacağına və ixrac coğrafiyasının genişlənəcəyinə zəmin yaradır.

Səfər proqramı çərçivəsində Göyçay rayonundakı Şəhidlər xiyabanı da ziyarət olunub, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Səfərin davamı olaraq, 9 sentyabr 2026-cı il tarixində Göyçay Rayon Heydər Əliyev Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və ANİİA-nın təşkilatçılığı ilə “Narçılığın İnkişaf Perspektivləri və Yeni Çağırışlar” mövzusunda geniş tərkibli tədbir keçirilib. ANİİA-nın yaradılmasının 10 illiyi çərçivəsində təşkil olunan bu tədbirdə Mərkəzi Aran, Mil-Muğan, Şirvan iqtisadi rayonları və ətraf bölgələrdən 150-dən çox fermer, istehsalçı, emalçı, sahibkar və Assosiasiya üzvü iştirak edib.

Dövlət–özəl tərəfdaşlığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyan tədbirə Kənd Təsərrüfatı Nazirliyinin aidiyyəti strukturlarının nümayəndələri də qatılıb. Görüş zamanı narçılığın mövcud vəziyyəti, fermerlərin qarşılaşdıqları çətinliklər, satış və ixrac platformaları, yeni Dövlət Proqramı və aqrar subsidiya mexanizmləri müzakirə edilib, iştirakçıların təklif və fikirləri dinlənilib.

Tədbirdə doğma Qarabağda iri narçılıq təsərrüfatlarının yaradılmasına başlamış şirkətlərin nümayəndələri də ilk dəfə iştirak edib. Bu, narçılıq sektorunun inkişafında yeni təsərrüfatların və investisiya təşəbbüslərinin rolunun artdığını göstərən mühüm məqamlardan biridir.

Sonda narçılığın inkişafına və Assosiasiyanın fəaliyyətinə davamlı dəstək göstərən, sahəyə xüsusi töhfə verən Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları və qabaqcıl fermerlər “Azərbaycan Narı” döş nişanı ilə təltif ediliblər.

Tədbir iştirakçıları tərəfindən Kənd Təsərrüfatı Nazirliyinə göstərdiyi dəstəyinə görə təşəkkür ifadə olunub, narçılara bol məhsul, uğurlu satış və bərəkətli mövsüm arzulanıb.